Azərbaycanda hər 3 ildən bir vergi güzəştlərinin effektivliyinin qiymətləndirilməsi təklif olunur

Maliyyə
  • 19 noyabr, 2025
  • 17:12
Azərbaycanda hər 3 ildən bir vergi güzəştlərinin effektivliyinin qiymətləndirilməsi təklif olunur

Azərbaycanda hər 3 ildən bir "Güzəşt Effektivliyi Sənədi"nin hazırlanması şəffaflığın artırılması və vergi bazasının genişləndirilməsi baxımından əhəmiyyətli nəticələr verə bilər.

"Report" xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ƏDV və mənfəət vergisi üzrə tətbiq olunan güzəştlərin məhsuldarlıq, ixrac və məşğulluq kimi konkret iqtisadi nəticələrə bağlanması daha səmərəli olardı:

"Güzəşt alan müəssisələrin illik "performans hesabatı" təqdim etməsi həmin güzəştlərin real təsirinin qiymətləndirilməsində mühüm alət ola bilər. Məsələn, Nazirlər Kabinetinin daxili istehsalda istifadə edilən 272 adda xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il yanvarın 1-dən 7 il müddətinə "0" dərəcəsinə endirilməsi haqqında qərarı artıq ixrac göstəricilərinə müsbət təsir etməyə başlayıb".

Deputat əlavə edib ki, elm və rəqəmsallaşma sahələrində dövlət və özəl kapitalın birgə iştirakı ilə "Texnoİnnovasiya Fondu"nun yaradılması startap ekosisteminin inkişafına, universitet tədqiqatlarına və texnologiya yönümlü layihələrə birbaşa maliyyə dəstəyi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər:

"Prezident İlham Əliyevin Elmlər Akademiyasında elm və texnologiyalar üçün müəyyən etdiyi hədəflərin maliyyələşdirilməsi baxımından da bu təşəbbüs böyük əhəmiyyət kəsb edərdi".

T. Mirkişili vurğulayıb ki, güzəştlərin effektivliyinin hər 3 ildən bir qiymətləndirilməsi və səmərəsiz güzəştlərin mərhələli şəkildə ləğvi həm şəffaflığı artırar, həm də ölkənin vergi bazasının genişlənməsinə ciddi töhfə verər.

Son xəbərlər

Bütün Xəbər Lenti