Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 31 %-ə yaxın artıb

Maliyyə
  • 28 avqust, 2025
  • 16:59
Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 31 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əmlak sığortası üzrə 144,811 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,3 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 24,547 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 30,8 % çoxdur.

7 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 17 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 14,4 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529,307 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 20,7 % çoxdur.

Ötən 7 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,6 manat olub.