Azərbaycanda əmanətlərin sığortalanması ayrıca sığorta məhsulu ola bilərmi?

Maliyyə
  • 31 oktyabr, 2023
  • 11:39
Azərbaycanda əmanətlərin sığortalanması ayrıca sığorta məhsulu ola bilərmi?

Azərbaycanda təxminən 15 ildir ki, əmanətlər sığortalanır.

Bu məqsədlə 2007-ci ildən ölkədə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) fəaliyyətə başlayıb və bu günə qədər öz funksiyasını lazımi səviyyədə yerinə yetirir.

Qanunvericiliyə görə, banklar vətəndaşlardan qəbul etdikləri əmanətlərin cüzi hissəsini sığorta haqqı kimi ƏSF-yə ödəyirlər və bunun hesabına Fondun kapital ehtiyatları formalaşır. Sığorta hadisəsi baş verdikdə (bank bağlandıqda) isə həmin ehtiyatlar hesabına vətəndaşlara ödəniş edilir. ƏSF-nin müştəri xidmətləri üzrə məsul şəxsi Aygün Balıyeva deyir ki, indiyə qədər 56 065 müştəriyə 1 milyard 529 milyon 625 min 394 manat kompensasiya ödənilib.

Bəs, Azərbaycanda əmanətlərin sığortalanması ayrıca sığorta məhsulu ola bilərmi? "Report" mövzunu sığorta bazarı üzrə ekspertlərlə müzakirə edib.

Onlardan biri İlkin İbrahimov deyir ki, "Əmanətlərin sığortalanması haqqında" qanuna görə, ƏSF 100 min manata qədər əmanətləri, eləcə də fərdi sahibkarların 20 min manata qədər vəsaitlərini sığortalayır. Yəni, banklardakı qalan vəsaitlərin batması riski mövcuddur və bu riski sığorta şirkətləri öz üzərlərinə götürə bilər.

"Dünya təcrübəsində maliyyə risklərinin sığortalanması təcrübəsi var. Azərbaycanın iri sığorta şirkətləri də maliyyə risklərini sığortalayırlar. Banklardakı vəsaitlərin batması riskinə də eyni yanaşma tətbiq oluna bilər. Sadəcə Azərbaycanda maliyyə risklərinin də sığortalanması təcrübəsi geniş yayılmadığı üçün sığorta şirkətləri banklardakı vəsaitləri sığortalamaqda, o cümlədən dövlət səviyyəsində təminat verilən əmanətləri və fərdi sahibkarların vəsaitlərini sığortalamaqda maraqlı deyillər və çox güman ki, bu məsələdə böyük risklər görürlər. Amma əmanətlərin sığortalanması ayrıca sığorta məhsulu kimi tətbiq oluna bilər", - deyə o qeyd edib.

Sığorta bazarı üzrə digər ekspert Kamran Babayev də sığorta şirkətlərinin əmanətləri sığortalamasında problem görmür. Bununla belə, onun fikrincə, sığortaçılar bu sahəyə baş vursalar, riskləri qiymətləndirəcək: "Yəni, sığorta şirkətləri ƏSF-dən fərqli olaraq hər bankdakı vəsaitləri sığortalamayacaq, bu işə daha ciddi, detallı yanaşacaq, onların daha geniş meyarları olacaq. Yəni, bankın maliyyə vəziyyətindən asılı olaraq sığorta şirkəti bunu ya edəcək ya da etməyəcək. Yəni, sığorta şirkəti üzərinə yük götürəndə bütün riskləri dəyərləndirməlidir”.