Azərbaycanda dövlət satınalmaları ilə bağlı qərar dəyişib

Maliyyə
  • 20 oktyabr, 2023
  • 11:59
Azərbaycanda dövlət satınalmaları ilə bağlı qərar dəyişib

Maliyyə Nazirliyinin Kollegiyası “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı nazir Samir Şərifov yeni qərar imzalayıb.

Qərara əsasən, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləğinə qoyulmuş 50 min manatlıq tələb ləğv edilib.

Bundan başqa, dəyəri 10 min manatdan çox olan satın alınan xidmətlər barədə bildiriş həmçinin, beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi tələbi də ləğv edilib.

Nazirliyin Aparatının Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.