Azərbaycanda dövlət müəssisələrinə nəzarət edən qurumun yaradılması təklif olunur

Maliyyə
  • 05 oktyabr, 2021
  • 11:28
Azərbaycanda dövlət müəssisələrinə nəzarət edən qurumun yaradılması təklif olunur

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan hökumətinə dövlət müəssisələrinə nəzarət edəcək xüsusi agentlik yaratmağı tövsiyə edib.

“Report” xəbər verir ki, qurumun “İdarəçiliyin təkmilləşdirilməsi və dövlət sektorunun daha səmərəli vəziyyətə gətirilməsi Proqramı, I və II alt proqramları” (İmproving Governance and Public Sector Efdiciency Program, Subprogam II) üzrə yekun hesabatına görə, bu cür agentlik dövlət müəssisələrinin borc öhdəliklərini tənzimləyə, hökumət üzərində bununla bağlı yaranan yükü azaltmağa kömək edə biləcək.

“Dövlət vəsaitləri üzərində maliyyə-nəzarət mexanizmlərini tətbiq etməklə vəsaitlərin məqsədsiz sərf olunmasını, borc öhdəlikləri yükünü xeyli azaltmaq mümkün olar”, – deyə hesabatda qeyd olunur.

Sənəd müəlliflərinə görə, strateji sahələrdə fəaliyyət göstərən dövlət müəssisələri lazım gəldikdə hökumət tərəfindən maliyyə dəstəyi alır: “Məsələn, Azərbaycan Beynəlxalq Bankı zəmanətsiz istiqrazlarına dair defolt elan edəndə hökumət müdaxilə edərək bankın balansındakı problemli borcları silib”.

Hesabata əsasən, Azərbaycan üçün 2019-2023-cü illərdə ölkə tərəfdaşlığı strategiyası da dövlət müəssisələrinə çəkilən büdcə məsrəflərinin 2022-ci ilədək azı 0,2 faiz bəndi azalacağını nəzərdə tuturdu ki, bu da II alt proqramının kəmiyət hədəflərinə uyğundur.

Həmçinin dövlət idarəçiliyinin məsrəfləri 2020-ci ildə ÜDM-nin 33,3 %-dən 40,4 %-dək artsa da, 2021-ci ildə bunun azalmağa başlayacağı, 2026-cı ilədək də böhrandan əvvəlki səviyyəsinədək geriləyəcəyi gözlənilir. Bu da pandemiya ilə bağlı artmağa başlayan dövlət xərclərinin tədricən azalması deməkdir”.

Hesabata görə, proqram çərçivəsində Azərbaycan borc idarəetməsi və maliyyə təhlili sistemini qurmağı bacarıb. Həmin sistemin başlıca məqsədi dayanıqlı iqtisadi artım, idarəçiliyin təkmilləşdirilməsi, yoxsulluğun azaldılması hədəflərinə çatmaq üçün dövlət borcunu daha səmərəli idarə etmək, habelə hesabatlar sistemini təkmilləşdirməkdi.

Xatırladaq ki, “İdarəçiliyin təkmilləşdirilməsi və dövlət sektorunun daha səmərəli vəziyyətə gətirilməsi Proqramı"nın crası üçün ADB 2018-2019-cu illər ərzində hökumətə iki tranşla 500 milyon ABŞ dolları məbləğində kredit ayırıb.