Azərbaycanda dekabrda nağdsız ödənişlər 19 % artıb
- 31 yanvar, 2026
- 17:06
Ötən ilin dekabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2024-cü ilin eyni ayı ilə müqayisədə 19 % artaraq 10 milyard 097 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8 milyard 833 milyon manatı (87,5 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 260 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,6 %-ni təşkil edib.
Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 980 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 12,8 % artaraq 19,903 milyon, kredit kartlarının sayı isə 7,9 % azalaraq 2,077 milyon olub. Dekabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 14,490 milyard manat (illik müqayisədə 18,1 % çox) və 788 milyon manat (11,8 % az) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 8,1 %, POS-terminalların sayı isə 54,1 % artaraq müvafiq olaraq 3 572 ədəd (Bakı üzrə 1 930 ədəd) və 184 220 ədəd (Bakı üzrə 114 689 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.