Azərbaycanda debet kartları ilə dövriyyə 53 % artıb
- 27 yanvar, 2024
- 14:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin dekabr ayında Azərbaycanda nağsız əməliyyatların məbləği 2022-ci ilin eyni dövrü ilə müqayisədə 90 % artaraq 5 milyard 798 milyon manata çatıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 4 milyard 801 milyon manatı elektron ticarətin payına düşüb.
Qalan məbləğin 987 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünə xidmət terminallarının vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 55,6 %-ni təşkil edib.
Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 16 milyon 925 min ədəd təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 2,2 %, 2023-cü il yanvarın 1-i ilə müqayisədə isə 24,2 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 24,6 % artaraq 14,709 milyona, kredit kartlarının sayı isə 21,6 % artaraq 2,216 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 10,12 milyard manat (illik müqayisədə 53,1 % çox) və 654 milyon manat (52,4 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 1,4 %, POS-terminalların sayı isə 8,2 % artaraq müvafiq olaraq 3 112 ədəd (Bakı üzrə 1 621 ədəd) və 86 383 ədəd (Bakı üzrə 55 739 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.