Borc bazarı seqmentində mikromaliyyə sektoru üçün minimal hədd 2 dəfə azaldılacaq
- 29 yanvar, 2026
- 10:03
Azərbaycanda mikromaliyyə təşkilatlarının borc bazarına çıxışı asanlaşdırılır və bu onlar üçün müəyyən edilmiş minimal hədd 1 milyon manatdan 500 min manata endiriləcək.
"Report" xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov Bakıda keçirilən 1-ci İnvestor-Mikromaliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, qərar mikromaliyyə təşkilatlarının maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır: "Bu dəyişiklik yaxın vaxtlarda qüvvəyə minəcək. Artıq bununla bağlı qərar qəbul olunub və biz məsələni gündəmə gətirmişik".
O. Qasımov qeyd edib ki, mikromaliyyə təşkilatları xüsusilə xırda biznes subyektlərinin maliyyələşdirilməsində mühüm rol oynayır: "Onlar daha çevik struktura malikdirlər. Kapital bazarları vasitəsilə inkişaf isə bu təşkilatlara əlavə imkanlar yaradır. Bu, eyni zamanda onların daxili transformasiyası, IFRS tələblərinə uyğun maliyyə hesabatlarının açıqlanması deməkdir. Hazırda Bakı Fond Birjasında listinq seqmenti mikromaliyyə təşkilatları üçün əlçatandır və biz bu prosesi maksimum sadələşdirmişik ki, bazara çıxış onlar üçün daha rahat olsun".