Azərbaycanda bank sektorunu tənzimləyən qaydalara dair təkliflər müzakirə olunub
- 24 oktyabr, 2017
- 12:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasında (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası, “Rabitəbank”, “AtaBank”, “Azərbaycan Beynəlxalq Bankı”, “AccessBank” və “Azərbaycan Sənaye Bankı” ASC-lərin təmsil olunduğu “Müvəqqəti İşçi Qrupu”nun iclası keçirilib.
“Report”un ABA-ya istinadən verdiyi xəbərə görə, iclasda “Ernest & Young” şirkətinin eksperti Yokub Sharafitdinov iştirak edib.
İclas iştirakçıları "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında qaydalar” və “Bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları”nın layihələrinə dair təklifləri müzakirə edib.
Xatırladaq ki, ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.