Azərbaycanda 7 ayda orta illik inflyasiya 5,7 % olub

Maliyyə
  • 10 avqust, 2026
  • 15:12
Azərbaycanda 7 ayda orta illik inflyasiya 5,7 % olub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 3,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iyulda istehlak qiymətləri ötən ilin eyni ayına nisbətən 5,8 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,3 %, qeyri-qida məhsulları üzrə 3,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,4 % artıb.

Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 0,4 % azalıb.

İyulda ayrı-ayrı qida məhsullarından əsasən uzun düyü, makaron məmulatları, mal və qoyun əti, qatıq, kəsmik, yumurta, süfrə marqarini, limon, albalı, gilas, ərik, ağ kələm, göyərti, yerkökü, soğan və süfrə duzu bahalaşıb, banan, alma, armud, alça, gavalı, şaftalı, qarpız, yemiş, üzüm, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, sarımsaq və kartof ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən dəyişməyib. Qeyri-qida mallarından boya, minik avtomobilləri üçün ehtiyat hissələri və mühərrik yağları bahalaşıb, zərgərlik məmulatları ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyulda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə iyuna nisbətən 0,3 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən mənzillərin kirayə haqları, ölkədaxili istirahət turları, kafe və restoranlar tərəfindən göstərilən iaşə xidmətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.