Azərbaycanda 2 ayda orta illik inflyasiya 5,7 % olub
- 13 mart, 2026
- 12:14
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 7 %, qeyri-qida məhsulları üzrə 3,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, fevralda istehlak qiymətləri ötən ilin eyni ayına nisbətən 5,7 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 3,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.
Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,6 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 1,1 % artıb.
Fevralda ayrı-ayrı qida məhsullarından əsasən çörək, kolbasa məmulatları, təzə balıq, süd, xama, pendir, kəsmik, süfrə marqarini, zeytun, günəbaxan və qarğıdalı yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, yerkökü, kartof, təbii bal, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər, şirələr, alkoqollu içkilər bahalaşıb, qoyun əti, yumurta, portağal, şabalıd, ağ kələm, soğan isə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri noyabr ayına nisbətən 0,3 % artıb. Qeyri-qida mallarından əsasən sement, keramik plitələr, mebellər, yuyucu vasitələr, şəxsi gigiyena vasitələri, zərgərlik məmulatları bahalaşıb, qış geyimləri, divar kağızları, plastik borular, kəsilmiş taxta isə ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Fevralda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə yanvara nisbətən 0,2 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən tibbi, mehmanxana, bərbərxana, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətləri bahalaşıb, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətləri və istirahət turları isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.