Azərbaycanda 11 sifarişçi büdcədən ayrılan 39,7 milyon manatı bank hesabında saxlayıb

Maliyyə
  • 09 sentyabr, 2025
  • 17:44
Azərbaycanda 11 sifarişçi büdcədən ayrılan 39,7 milyon manatı bank hesabında saxlayıb

Ötən il Azərbaycan dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üzrə 11 sifarişçi üzrə ümumilikdə 39,7 milyon manatın müxtəlif sifarişçilərin və ya bu funksiyanın həvalə edildiyi tabeli təşkilatların bank hesabında saxlanılması ilə müşahidə edilib.

"Report" bu barədə Hesablama Palatasının bülleteninə istinadən xəbər verir.

Məlumata görə, dövlət büdcəsində icra kimi görünən və bəzi sifarişçilərdə əvvəlki ilin sonuna əsaslı vəsait qoyuluşu xərclərindən hesablaşma hesablarında saxlanılmış vəsaitdən 2024-cü ilin sonuna da istifadə edilməyərək qalıq kimi saxlanılması vəsaitdən səmərəli istifadə olunmaması, layihələrin icrasının gecikdirilməsi ilə yanaşı dövlət əsaslı vəsait qoyuluşu üzrə uçotun da şəffaflığına mənfi təsirini göstərir. Belə ki, nümunə kimi 2 sifarişçi üzrə 2024-cü ilin əvvəlinə bank hesabında saxlanılmış 50 milyon manatdan il ərzində 4 milyon manat xərclənib, 46 milyon manatın isə hesabat dövrünün sonunadək bank hesablarında saxlanıldığı müşahidə edilib.

"Ümumilikdə dövlət əsaslı vəsait qoyuluşu xərclərinin təhlili ilə əvvəlki illərdə olduğu kimi, dövlət büdcəsində bu xərc üzrə xarakterik hal kimi qəbul edilən vəsaitin əhəmiyyətli hissəsinin büdcə ilinin 4-cü rübündə maliyyələşməsi həmin vəsaitin əsas hissəsinin təşkilatların bank hesablarında saxlanılmasına, lakin həmin məbləğin icra kimi göstərilməsinə səbəb olub", - Hesablama Palatası qeyd edir.

Belə ki, 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu üzrə sonuncu rübdə icra edilmiş məbləğin digər rüblərlə müqayisədə əhəmiyyətli fərqlənməklə 1 milyard 189,8 milyon manat və ya 43,4 % təşkil etməsi, büdcə xərclərinin rüblük bölgüsü ilə müqayisədə 6,6 % bəndi üstələməsi ilə yanaşı, əsasən 20 sifarişçi üzrə dövlət əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmuş vəsaitin 50 %-dən çox hissəsinin 4-cü rübdə icra edilməsinə rast gəlinib.