Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mülki məsuliyyətini sığortalayacaq şirkət məlum olub

Maliyyə
  • 18 yanvar, 2017
  • 11:23
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mülki məsuliyyətini sığortalayacaq şirkət məlum olub

Bakı. 18 yanvar. REPORT.AZ/ “PAŞA Sığorta” ASC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sığorta xidmətlərinin satın alınması məqsədi ilə keçirdiyi açıq müsabiqənin qalibi olub. Bu barədə “Report”a Gəmiçilikdən bildirilib.

Məlumata görə, müsabiqə ötən il, dekabrın 5-də “Gəmi sahiblərinin məsuliyyət sığortası” növü üzrə elan edilib. Məqsəd “Gəmi sahiblərinin üçüncü şəxslər qarşısında məsuliyyət sığortası” üzrə sığorta xidmətlərinin satın alınması olub.

Müsabiqədə iştirakını təsdiq edən 4 iddiaçıdan 3-ü təkliflə çıxış edib. Bu il yanvarın 10-da “Paşa Sığorta” şirkəti qalib elan edilib.

Bununla belə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” bağlanılacaq sığorta müqaviləsi üzrə ödəniləcək sığorta haqqının və əldə ediləcək sığorta təminatının ümumi dəyərini açıqlamayıb.