Azərbaycan və Rusiyanın Hesablama Palataları arasında videokonfrans keçirilib
- 17 may, 2019
- 11:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Azərbaycan və Rusiyanın Hesablama Palataları arasında videokonfrans keçirilib.
"Report"a daxil olan məlumata görə, videokonfransda iki ölkənin kənar dövlət maliyyə nəzarəti orqanlarının əməkdaşları iştirak edib.
Konfrans makroiqtisadi göstəricilərin təhlili ilə bağlı hər iki ölkənin Hesablama Palatalarının təcrübəsi, həmçinin bu sahədə fəaliyyətin genişləndirilməsi məsələlərinə həsr olunub.
Videokonfransı giriş sözü ilə Rusiya tərəfdən Strateji Audit Departamentinin direktoru Anton Kosyanenko, Azərbaycan tərəfdən İcmal-analitik şöbənin müdiri Vəfa Mütəllimova açıb.
Videokonfransda Rusiyanın Hesablama Palatasının əməkdaşı A.Kosyanenko “Sosial-iqtisadi inkişafın proqnoz parametrlərinin əsaslılığının qiymətləndirilməsinin Rusiya təcrübəsi” və “Makroiqtisadi göstəricilərin əsaslılığının auditi üzrə metodiki təlimatın hazırlanması üçün əsas yanaşmalar” mövzularında təqdimat edib.
Azərbaycanın Hesablama Palatasının İcmal-analitik şöbəsinin müdir müavini Zaur Vəliyev isə “Büdcə proqnozlaşdırılmasının makroiqtisadi əsasları və onun büdcə proseslərinə təsiri” mövzusunda təqdimatla çıxış edib, təmsil etdiyi qurumun dövlət büdcəsinin layihəsi və icrasına dair hazırladığı rəylərdə əks etdirilən makroiqtisadi təhlillər barədə məlumat verib.
Konfransın nəticəsi olaraq təcrübə mübadiləsinin davamlı surətdə həyata keçirilməsi, eyni zamanda digər ölkələrin Ali Audit Orqanlarının da müzakirələrə dəvət edilməsi qərara alınıb.