Azərbaycan və Qazaxıstan ikiqat vergitutmanın aradan qaldırılmasına dair Konvensiya layihəsini müzakirə edib

Maliyyə
  • 16 sentyabr, 2025
  • 12:47
Azərbaycan və Qazaxıstan ikiqat vergitutmanın aradan qaldırılmasına dair Konvensiya layihəsini müzakirə edib

Azərbaycan və Qazaxıstan arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair Konvensiya layihəsi üzrə danışıqlar aparılıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.

Məlumata görə, Qazaxıstanın paytaxtı Astanada "Azərbaycan və Qazaxıstan Hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" layihəsi üzrə növbəti danışıqlar keçirilib.

Azərbaycan tərəfdən danışıqlarda DVX-nın ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Qazaxıstan tərəfdən isə Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Müzakirələrin nəticəsi olaraq Konvensiya layihəsinin vergitutma ilə bağlı olan əksər müddəaları üzrə razılıq əldə olunub. Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçib və hər iki tərəf açıq qalan maddələrin qısa müddətdə razılaşdırılması istiqamətində səylərin artırılması barədə razılığa gəliblər.

Səfər çərçivəsində Qazaxıstanın Milli Gəlirlər Komitəsinin səlahiyyətləri şəxsləri ilə "Transfer qiymətləri" mövzusunda fikir mübadiləsi də aparılıb. Müzakirələr zamanı transfer qiymətləri üzrə hər iki ölkənin təcrübələri nəzərdən keçirilib və gələcəkdə bu sahədə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi razılaşdırılıb. 

Xatırladaq ki, Azərbaycan və Qazaxıstan 1996-cı ilin sentyabrında "Gəlir və əmlak vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiya imzalayıblar. Bu saziş 1998-ci il yanvarın 1-dən qüvvəyə minib.

2017-ci ilin aprel ayında tərəflər əmlakla bağlı bəndlər istisna olmaqla, bu müqaviləyə əlavə olaraq protokol imzalayıblar. Bu protokol 2019-cu il yanvarın 1-dən qüvvəyə minib.

44 filmi