Azərbaycan və BƏƏ-nin bankları arasında müxbir münasibətlər inkişaf etdiriləcək
- 20 fevral, 2023
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bankları arasında müxbir münasibətlərin inkişafı planlaşdırılır.
“Report” Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir ki, bu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Banklar Federasiyası ilə bu gün imzalanan əməkdaşlığa dair Memorandumda öz əksini tapıb
Tərəflər arasında həmçinin əməkdaşlığın təşviqi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, ümumilikdə bank sektorları arasında daha sıx işgüzar əlaqələrin qurulması, birgə təhsil və təlim proqramları daxil olmaqla tədbirlərin keçirilməsi, hər iki təşkilatın üzvü olan banklar arasında infomasiya mübadiləsi və s. sahədə əməkdaşlıq nəzərdə tutulub.
Sənəd ABA-nın prezidenti Zakir Nuriyev və BƏƏ-nin Banklar Federasiyasının baş direktoru Camal Saleh tərəfindən imzalanıb.
Qeyd edək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Bunlardan Avropa Bankçılıq Federasiyasını və Beynəlxalq Bank Şurasını qeyd etmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” yaradılıb.
Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.