Azərbaycan rezidentlərinin Belarusun əmtəə birjasında əməliyyatları kəskin artıb

Maliyyə
  • 19 fevral, 2024
  • 13:30
Azərbaycan rezidentlərinin Belarusun əmtəə birjasında əməliyyatları kəskin artıb

2023-cü ildə Azərbaycan rezidentləri Belarus Universal Əmtəə Birjasında (BUCE) 44,6 milyon ABŞ dolları dəyərində əməliyyatlar aparıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 4,5 dəfə çoxdur.

Azərbaycanla birja ticarətinin kəskin artması Belarusun ağac emalı sənayesi məhsullarının aktiv ixracı ilə bağlıdır. Belə ki, ötən il Belarusdan Azərbaycana 301 min kubmetrdən çox taxta-şalban ixrac edilib ki, bu da əvvəlki ilə nisbətən təxminən 6 dəfə çoxdur.

2023-cü ildə BUCE-də fəaliyyət göstərən azərbaycanlı rezidentlərinin sayı isə 2022-ci illə müqayisədə 6,6 dəfə artaraq 46-ya çatıb.

“Ötən il Azərbaycan mübadilə platforması vasitəsilə taxta-şalban idxalına görə Çindən sonra ikinci yeri tutub. Həmçinin ağac emalı məhsulları ilə yanaşı, yerli müəssisələr Azərbaycana süd məhsulları, ət və metal məmulatları ixrac etməyə hazırdır. Bundan başqa, Azərbaycan mallarının Belarusa tədarükü üçün imkanlar var. Bunlar, qida xammalı, meyvə, tərəvəz, tekstil və sürtkü materialları ola bilər", - deyə BUCE-nin mətbuat katibi Roman Yaniv bildirib.

Bu il fevralın 1-nə 95 Azərbaycan şirkəti BUCE tərəfindən akkreditasiya olunub. Onların yarıdan çoxu ötən il meşə məhsullarının ticarətini həyata keçirmək üçün birjaya gəlib.

"Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək üçün bu ölkədə birja brokerinin akkreditasiyası məsələsinə baxılır. Bu, yerli biznes nümayəndələrinin mübadilə platformasına cəlb edilməsi və qarşılıqlı ticarətdə iştirak edən malların çeşidinin genişləndirilməsi problemlərini daha səmərəli həll etməyə imkan verəcək", - deyə məlumatda qeyd olunub.

44 filmi