Azərbaycan Özbəkistanın məsafədən audit təcrübəsini öyrənir
- 31 avqust, 2026
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Hesablama Palatası Özbəkistan Hesablama Palatasının məsafədən audit və süni intellektin tətbiqi təcrübəsini öyrənir.
"Report" bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.
Məlumata görə, Palatanın aparat rəhbəri Tamerlan Yusif-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti həmkar qurumun məsafədən audit, rəqəmsal transformasiya, böyük verilənlərin təhlili və süni intellekt texnologiyalarının tətbiqi təcrübəsinin öyrənilməsi məqsədilə Daşkəndə səfər edib.
Səfər çərçivəsində "Məsafədən audit" avtomatlaşdırılmış informasiya sisteminin əsas funksional imkanları və müxtəlif modulları, o cümlədən xarici mənbələrdən formalaşdırılan məlumatların sistemə inteqrasiyası, məlumatların emalı və təhlili barədə təqdimatlar edilib. Qeyd olunub ki, ali audit orqanının 200-dən çox məlumat bazasına çıxışı mövcuddur və 100-ə yaxın risk mexanizmi əsasında müvafiq məlumatların qiymətləndirməsi aparılır.
Sonra Özbəkistanın Hesablama Palatasında süni intellekt texnologiyalarının tətbiqi üzrə həyata keçirilən işlər barədə məlumat verilib. Süni intellektdən istifadə etməklə risklərin müəyyənləşdirilməsi mexanizmləri və müvafiq yanaşmaların audit proseslərində tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparılıb.
Daha sonra Azərbaycanın Hesablama Palatasının Dövlət Auditi İnformasiya Sistemi (DAİS) və dövlət auditinin rəqəmsallaşdırılması üzrə həyata keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verilərək rəqəmsal transformasiya, məlumat analitikası, risklərin avtomatlaşdırılmış müəyyənləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyəti Özbəkistanın Hesablama Palatasının sədrinin səlahiyyətlərini icra edən M. Abdullayevlə görüşüb. Görüş zamanı iki ali audit orqanı arasında əməkdaşlığın inkişaf etdirilməsi, rəqəmsal audit və məlumat analitikası sahəsində təcrübə mübadiləsinin davam etdirilməsi, eləcə də gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Səfər çərçivəsində Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyi, "UZINFOCOM" MMC və IT Park ilə tanışlıq keçirilərək rəqəmsal transformasiya, dövlət sektorunda informasiya texnologiyalarının tətbiqi və rəqəmsal həllərin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat əldə edilib.