Azərbaycan ötən il Şərqi Anadoludan 148 milyon dollarlıq məhsul idxal edib
- 11 yanvar, 2022
- 13:59
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ildə Türkiyənin Şərqi Anadolu İxracatçılar Birliyinə (DAİB) üzv şirkətlərin ixracının dəyəri 2020-ci illə müqayisədə 22,9% artaraq 2,542 milyon ABŞ dollarına çatıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə DAİB məlumat yayıb.
Məlumata görə, ən çox ixrac reallaşdırılmış ölkələr İraq (630 milyon dollar), İran (156 milyon dollar), Azərbaycan (Naxçıvan, 148 milyon dollar), Almaniya (119 milyon dollar) və Türkmənistan (114 milyon dollar) olub.
DAIB-in İdarə Heyətinin sədri Ethem Tanrıver bildirib ki, ötən il qurumun üzvü olan 2 667 şirkət, 25 sektor üzrə 187 ölkəyə ixrac həyata keçirib: “Bölgəmizin mövqe etibarı ilə Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq bazarlarına asan çıxışı və 6 ölkəyə birbaşa çıxışı mühüm imkanlar yaradır. Hazırda qonşu ölkələrə ixracımız diqqət çəksə də, mümkün potensialdan hələ də aşağıdır .Buna, region bazarlarındakı daralma və problemlər ciddi təsir göstərir. Xüsusilə Ermənistan olmaqla İpək Yolu marşrutu üzərində yerləşən və bazar potensialı artacaq bu ölkələrə ixracatımız daha da artacaq. Birliyimizin 2022-ci il üçün ixrac hədəfini 3 milyard dollar müəyyən etmişik".
DAİB-ə Ağrı, Ərdahan, Batman, Bayburt, Bingöl, Bitlis, Ərzurum, Ərzincan, Elazığ, İğdır, Hakkari, Muş, Şırnak, Tunceli, Van, Qars və Siirt bölgələrinin şirkətləri daxildir.