Azərbaycan Kredit Bürosu müqavilələrin imzalanması prosesini başa çatdırıb
- 12 mart, 2018
- 13:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 mart. REPORT.AZ/ “Azərbaycan Kredit Bürosu” (AKB) MMC ölkədə fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları (BOKT) ilə Büroya üzvlüklə bağlı müqavilələrin imzalanması prosesini başa çatdırıb.
Bu barədə “Report” Büroya istinadən xəbər verir.
Məlumata görə, müvafiq müqavilələr kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatlarının AKB-yə təqdim edilməsi, AKB-dən əldə edilməsi qaydalarını və prosedurlarını əhatə edir.
Büro martın 6-dan kredit təşkilatları ilə məlumat mübadiləsinə başlayıb. Bununla əlaqədar “Kredit büroları haqqında” qanunla müəyyən edilmiş təşkilatlara AKB ilə əməkdaşlıq məqsədilə müraciət olunub. Kredit təşkilatları ilə yanaşı, artıq ölkədə fəaliyyət göstərən 21 sığorta və 1 təkrarsığorta şirkəti ilə müvafiq əməkdaşlığı nəzərdə tutan müqavilələrin bağlanmasına nail olunub və yaxın müddət ərzində bütün sığorta şirkətlərinin Büronun xidmətlərindən istifadə etməsi planlaşdırılır.
AKB ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)"ın təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılıb. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək. Qurumun baş ofisi “World Business Center” iş mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 43 ünvanında) yerləşir.