Azərbaycan IsDBI-nin dəstəyi ilə islam maliyyə alətləri üçün tənzimləyici baza yaratmağa başlayır

Maliyyə
  • 06 oktyabr, 2025
  • 11:00
Azərbaycan IsDBI-nin dəstəyi ilə islam maliyyə alətləri üçün tənzimləyici baza yaratmağa başlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycanda kapital bazarının inkişafı məqsədilə tənzimləyici bazanın hazırlanması üçün İslam maliyyəsi qrantı" layihəsinin həyata keçirilməsinə texniki yardımın göstərilməsi ilə bağlı İslam İnkişaf Bankı İnstitutuna (IsDBI) müraciət edib.

"Report" IsDB-yə istinadən xəbər verir ki, təşəbbüsün məqsədi Azərbaycanda İslam maliyyələşdirmə alətlərinin, xüsusilə də sukukun tətbiqi üçün əlverişli mühitin yaradılmasına dəstək olmaqdır.

Layihə sukuk və digər İslam maliyyə alətlərinin buraxılması üçün etibarlı hüquqi və tənzimləyici bazanın hazırlanmasına, milli institutların belə əməliyyatlarla bağlı risklərin idarə edilməsi üzrə potensialının gücləndirilməsinə, eləcə də ölkədə İslam maliyyəsinin inkişafını izləmək üçün monitorinq və qiymətləndirmə sisteminin yaradılmasına yönəlib.

Sənəddə qeyd olunur ki, layihənin uğurla həyata keçirilməsi Azərbaycanda ilk sukukun buraxılmasına imkan verəcək ki, bu da maliyyə sektorunun şaxələndirilməsi istiqamətində mühüm addım olacaq.

"Layihənin əsas məqsədi hökumətin təşəbbüslərini əhəmiyyətli dərəcədə dəstəkləmək qabiliyyətinə malik müasir və davamlı sukuk sektorunun inkişafıdır. Resursların səfərbər edilməsi, maliyyə inklüzivliyinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılması ümumi sosial-iqtisadi inkişafa töhfə verəcək. İslam prinsiplərinə uyğun investisiya aləti olan sukuk investor bazasının genişləndirilməsinə, kapitalın hərəkətinin stimullaşdırılmasına və kritik əhəmiyyətli infrastrukturun maliyyələşdirilməsinə kömək edir. Bu isə daha inklüziv və dayanıqlı iqtisadiyyat qurmağa imkan verəcək. Bunun üçün ilk növbədə möhkəm təməl qoyulmalı - sukuk buraxılışı, tənzimlənməsi və idarə edilməsinin şəffaflığını təmin edən effektiv hüquqi, tənzimləyici və nəzarət mühiti yaradılmalıdır. Belə bir baza olmadan sektorun potensialı tam reallaşdırıla bilməz", - bankın məlumatında qeyd olunur.

Hazırda IsDBI bu layihə çərçivəsində xidmətlərin göstərilməsi üçün ixtisaslaşdırılmış konsaltinq şirkətlərinin seçimini həyata keçirir.

Məsləhətçi İslam maliyyə alətlərinin tətbiqinə hazırlıq səviyyəsini qiymətləndirmək məqsədilə Azərbaycanın mövcud kapital bazarını hərtərəfli təhlil edəcək. Bura qabaqcıl təcrübələri müəyyən etmək məqsədilə Malayziya, Bəhreyn, BƏƏ, Qazaxıstan, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki uğurlu İslam kapital bazarlarının müqayisəli tədqiqi daxildir.

Sözügedən işlər 2025-ci ilin noyabr ayından başlayaraq 15 aya qədər davam edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti