Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda dövlət banklarının payı artıb
- 28 iyun, 2023
- 06:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 21 milyard 285,5 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,3 %, ilin əvvəlinə nisbətən 5,5 %, 2022-ci ilin iyunun 1-i ilə müqayisədə 14,6 % çoxdur.
Kredit qoyuluşunun 16 milyard 429,9 milyon manatı və yaxud 77,2 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 13,6 % çoxdur.
Hesabat dövrünə dövlət banklarının kredit qoyuluşu 4 milyard 229,4 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 16,4 % çoxdur. Dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,6 %-dən 19,9 %-ə yüksəlib.
Bu il may ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 626,3 milyon manat olub. Bu, illik müqayisədə 30,6 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,6 %-dən 2,9 %-ə çatıb.
Azərbaycanda 24 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55 təşkil edir.