Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu cüzi artıb
- 27 avqust, 2022
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 18 milyard 985,6 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9%, yanvarın 1-nə nisbətən 10,8%, ötən ilin avqustun 1-i ilə müqayisədə 23,5 % çoxdur.
Kredit qoyuluşunun 14 milyard 704,7 milyon manatı və yaxud 77,5 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 21,6 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 782,8 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 31,6 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 18,7 %-dən 19,9 %-ə qalxıb.
Bu il iyul ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 498,2 milyon manat olub. Bu isə illik müqayisədə 24,2% çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2,6 % olub.
Azərbaycanda 26 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir.