Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 %-dək artıb
- 01 oktyabr, 2022
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 19 milyard 136,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 %, yanvarın 1-nə nisbətən 11,8 %, ötən ilin sentyabrın 1-i ilə müqayisədə 22,6 % çoxdur.
Kredit qoyuluşunun 14 milyard 828,8 milyon manatı və yaxud 77,5 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 20,5 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 809,9 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 31,4 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 18,6 %-dən 19,9 %-ə qalxıb.
Bu il avqust ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 498,2 milyon manat olub. Bu isə illik müqayisədə 24,2 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2,6 % olub.
Azərbaycanda 26 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir.