Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 % artıb

Maliyyə
  • 28 sentyabr, 2024
  • 08:07
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 % artıb

Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 27 milyard 649,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 15,3 %, illik müqayisədə isə 23 % çoxdur.

Kredit qoyuluşunun 19 milyard 363,5 milyon manatı və yaxud 70 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 13,5 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 6 milyard 712,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 41,2 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 21,1 %-dən 24,3 %-ə qalxıb.

Avqustun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 573,8 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3 %-dən 5,7 %-ə çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 57-dir.