Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 %-dən çox artıb
- 01 mart, 2025
- 17:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin fevralın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29 milyard 325,3 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,1 %, 2024-cü ilin eyni dövrünə nisbətən 20,4 % çoxdur.
Kredit qoyuluşunun 20 milyard 304,1 milyon manatı və yaxud 69,2 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 14,2 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 210,6 milyon manat təşkil edib. Bu, illik müqayisədə 24,8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 23,7 %-dən 24,6 %-ə yüksəlib.
Fevralın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 810,6 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3,3 %-dən 6,2 %-ə çatıb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 57-dir.