Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 19 %-ə yaxın artıb

Maliyyə
  • 27 yanvar, 2024
  • 13:36
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 19 %-ə yaxın artıb

Bu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 milyard 979,1 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,5 %, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 18,8 % çoxdur.

Kredit qoyuluşunun 17 milyard 686,8 milyon manatı və yaxud 73,8 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 12,4 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 5 milyard 496,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 42,7 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,1 %-dən 22,9 %-ə qalxıb.

2023-cü il dekabr ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 796,2 milyon manat olub. Bu, illik müqayisədə 35 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,9 %-dən 3,3 %-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda 23 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.

44 filmi