Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17 % artıb
- 28 oktyabr, 2023
- 08:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 milyard 18,6 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,4 %, ilin əvvəlinə nisbətən 14 %, 2022-ci il oktyabrın 1-i ilə müqayisədə 16,8 % çoxdur.
Kredit qoyuluşunun 17 milyard 358 milyon manatı və yaxud 75,4 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 13,2 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 4 milyard 923,9 milyon manat təşkil edib. Bu, illik müqayisədə 28,9 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,4 %-dən 21,4 %-ə qalxıb.
Bu il sentyabr ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 736,8 milyon manat olub. Bu, illik müqayisədə 35,3 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,8 %-dən 3,2 %-ə çatıb.
Azərbaycanda 23 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 53-dür.