Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 %-dək artıb
- 29 aprel, 2023
- 08:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 milyard 664,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,6 %, ilin əvvəlinə nisbətən 2,4 %, 2022-ci ilin aprelin 1-i ilə müqayisədə 14,8 % çoxdur.
Kredit qoyuluşunun 16 milyard 076,3 milyon manatı və yaxud 77,8 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 14,8 % çoxdur.
Hesabat dövrünə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 962,3 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 12,5 % çoxdur. Dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,6 %-dən 19,2 %-ə enib.
Bu il mart ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 626,3 milyon manat olub. Bu, illik müqayisədə 30,6 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,7 %-dən 3 %-a çatıb.
Azərbaycanda 25 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55 təşkil edir.