Azərbaycan iqtisadiyyatı cüzi kiçilib

Maliyyə
  • 13 aprel, 2026
  • 13:49
Azərbaycan iqtisadiyyatı cüzi kiçilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 0,3 % azdır.

O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2 % azalaraq 8 milyard 531,6 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,2 % artaraq 21 milyad 171,6 milyon manata çatıb.

3 ayda ÜDM istehsalının 33,5 %-i sənaye, 11,3 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,6 %-i tikinti, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 %-i informasiya və rabitə sahələrinin, 23,3 %-i digər xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 %-ni təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 9,2 %, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,7 %, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,9 %, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,5 %, digər xidmət sahələrində 0,3 %, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,2 %, sənayedə 0,2 % artıb, tikintidə isə 19,8 % azalıb.