Azərbaycan hökuməti strateji investisiya layihələri üçün yeni dövlət zəmanətləri verməyə hazırdır
- 07 oktyabr, 2025
- 13:35

Azərbaycan hökuməti müəssisələrin bəzi vacib satınalmaları və investisiyaları üçün dövlət zəmanətlərinin verilməsi imkanlarını nəzərdən keçirməyə hazırdır.
"Report"un məlumatına görə, bunu Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov "Almaniya-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025"in açılış mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Avropada və digər ölkələrdə əksər ixrac-kredit agentlikləri ilə yaxşı əməkdaşlıq tarixi var: "Bu, bizim dövlət müəssisələrimiz üçün yaxşı maliyyələşdirmə alətidir. Hökumət belə müəssisələrin bəzi vacib satınalmaları və investisiyaları üçün dövlət zəmanətlərinin verilməsi imkanlarını nəzərdən keçirməyə hazırdır".
Agentlik direktoru qeyd edib ki, bu günə qədər Azərbaycan hökuməti ölkədə iki mühüm layihə üzrə dövlət zəmanətləri verib: "Bunun biri bərpa olunan enerji ilə bağlıdır, digəri isə dəniz suyunun duzdan təmizlənməsi layihəsidir. Biz özəl sektordan olan tərəfdaşlarımıza ödənişlər və bir çox öhdəliklər üçün zəmanətlər vermişik. Ona görə də əminəm ki, burada göstərilən layihə portfeli ilə hökumət bu sahədə yeni zəmanətlər verməyi nəzərdən keçirməyə hazırdır".