Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini 8 dəfə artırıb
- 17 iyun, 2023
- 12:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 288,76 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % çoxdur.
Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 12,351 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 8,3 dəfə çoxdur.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,2 %-ni, ixrac isə ümumi ixracın 0,1 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
5 aylıq xarici ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,5 %, idxal isə 33,2 % artıb.
Son nəticədə xarici ticarətdə 9 milyard 276 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 9,8 % azdır.