Azərbaycan dövlət maliyyə idarəçiliyi mövzusunda beynəlxalq konfransda iştirak edib
- 19 iyun, 2025
- 17:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan iyunun 18-19-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş "Dövlət maliyyə idarə edilməsi sahəsində təcrübə mübadiləsi" mövzusunda III beynəlxalq konfransda iştirak edib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, dövlət maliyyə idarəçiliyi sahəsində əməkdaşlığın gücləndirilməsi və peşəkar təcrübə mübadiləsi məqsədilə təşkil olunan tədbirdə nazirliyin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov və Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktoru İlham Kərimov iştirak ediblər.
İ.Kərimov "Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlar, xüsusilə nəticə əsaslı büdcə planlaşdırmasına alternativ yanaşma" mövzusunda təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Konfrans çərçivəsində həmçinin nəticəəsaslı büdcənin tətbiqi prosesində büdcə alətlərindən istifadə və büdcə prosesinin rəqəmsallaşdırılması mövzularında müzakirələr aparılıb.
Beynəlxalq konfrans dövlət maliyyə idarəçiliyi sahəsində qabaqcıl təcrübələrin paylaşılması və əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır. Tədbir çərçivəsində aparılan müzakirələr iştirakçı ölkələrin büdcə planlaşdırma və idarəetmə sistemlərinin təkmilləşdirilməsinə öz töhfəsini verir.