Azərbaycan BOKT-unun istiqrazları vaxtında yerləşdirilmədiyi üçün delistinq edilib
- 25 yanvar, 2024
- 11:58
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Kəpəz” MMC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manatlıq faizli, adlı, təminatsız, sənədsiz istiqrazları delistinq edilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb qiymətli kağızların vaxtında yerləşdirilməməsidir.
Belə ki, hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz ötən il noyabrın 24-də standart bazar seqmentində listinqə daxil edilib. 28 oktyabr 2021-ci il tarixli “Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili qaydaları”na əsasən, istiqazlar 60 gün müddətində - yəni yanvarın 24-nə qədər yerləşdirilməli idi. Lakin bu, baş vermədiyindən qiymətli kağızların delistinq olunmasına qərar verilib.
Xatırladaq ki, “Kəpəz” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. BOKT-un səhmdarı 100 % Əbülfəz Əliyevdir.