Azərbaycan BOKT-u 2 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 26 oktyabr, 2023
  • 11:42
Azərbaycan BOKT-u 2 milyon manatlıq istiqraz buraxır

“Kəpəz” MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd, ümumilikdə 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC -dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.