“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 61% artıb

Maliyyə
  • 21 yanvar, 2022
  • 06:30
“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 61% artıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ötən ili 208,78 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 61,4% çoxdur.

Ötən il ABB-nin gəlirləri 604,652 milyon manat (illik müqayisədə 13,7% çox), xərcləri 326,623 milyon manat (0,5% az), xüsusi ehtiyatlara ayırmaları 18,087 milyon manat (11,3% az), mənfəət vergisi ödəmələri isə 51,161 milyon manat (4,2% az) təşkil edib.

Bu il yanvarın 1-nə ABB-nin aktivləri 11 483,857 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28,1% çoxdur. Bunun 2 866,443 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 21,1% böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 31,6% artaraq 10 046,112 milyon manata, o cümlədən depozit portfeli 48,9% artaraq 8 261,666 milyon manata, balans kapitalı isə 8,4% artaraq 1 437,745 milyon manata çatıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,71%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.