“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 46% artıb
- 22 oktyabr, 2021
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin yanavar-sentyabr aylarını 197,182 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 45,6% çoxdur.
9 ay ərzində ABB-nin gəlirləri 452,851 milyon manat (illik müqayisədə 15,8% çox), xərcləri 223,257 milyon manat (17,2% çox), xüsusi ehtiyatlara ayırmaları 7,976 milyon manat (3 dəfə az), mənfəət vergisi ödəmələri isə 24,437 milyon manat (40,9% az) təşkil edib.
Bu il oktyabrın 1-nə ABB-nin aktivləri 9 431,897 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,2% çoxdur. Bunun 2 509,978 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 12,6% böyüyüb.
Hesabat dövründə ABB-nin öhdəlikləri 16,9% artaraq 8 020,674 milyon manata, o cümlədən depozit portfeli 47,1% artaraq 6 753,946 milyon manata, balans kapitalı isə 6,5% artaraq 1 411,223 milyon manata çatıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,71%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.