“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 21% artıb
- 22 aprel, 2022
- 08:19
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I rübünü 39,218 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21,1 % çoxdur.
Yanvar-mart aylarında ABB-nin gəlirləri 149,693 milyon manat (illik müqayisədə 9,9 % çox), xərcləri 75,609 milyon manat (4,5% çox), xüsusi ehtiyatlara ayırmaları 25,896 milyon manat (15% çox), mənfəət vergisi ödəmələri isə 8,97 milyon manat (0,3% az) təşkil edib.
Bu il aprelin 1-nə ABB-nin aktivləri 11 649,88 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 27,2 % çoxdur. Bunun 3 019,806 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 25,5 % böyüyüb.
Hesabat dövründə ABB-nin öhdəlikləri 30,6 % artaraq 10 173,482 milyon manata, o cümlədən depozit portfeli 55% artaraq 8 837,105 milyon manata, balans kapitalı isə 8 % artaraq 1 476,398 milyon manata çatıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,61%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.