"Azərbaycan Beynəlxalq Bankı"nın yeni səhmləri təkrar bazara çıxarılıb
- 17 oktyabr, 2024
- 06:07
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) yeni səhmlərinin təkrar bazar əməliyyatları üzrə məsafədən ticarətinə start verilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, bazar iştirakçılarının səhmlərə daha rahat və əlçatan şəkildə yatırım etmələrinə şərait yaradır.
Xatırladaq ki, sentyabrda ABB-nin 87,4 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Hər birinin nominal dəyəri 0,27 manat olan 322 milyon ədəd səhm premium bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Abunə yazılışı zamanı anderrayterə - "ABB İnvest İnvestisiya Şirkəti" QSC-yə 33 mindən çox investor ümumi dəyəri 56,535 milyon manat olan 50 minə yaxın sifariş təqdim edib. Başqa sözlə, səhmlərə tələb təklifdən 35,3 % az olub. Son nəticədə yerləşdirmə 64,7 % olmaqla baş tutub və Bankın nizamnamə kapitalı 4,6 % artaraq 1 milyard 225,648 milyon manatdan 1 milyard 281,271 milyon manata çatıb. Kredit təşkilatının fiziki şəxs səhmdarlarının sayı 1 794 nəfərdən 35 104 nəfərə yüksəlib.