“Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri 8 % azalıb

Maliyyə
  • 12 oktyabr, 2023
  • 07:26
“Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri 8 % azalıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin yanvar-sentyabr aylarını 250,866 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 19,5 % çoxdur.

9 ay ərzində ABB-nin gəlirləri 740,094 milyon manat (illik müqayisədə 38,1 % çox), xərcləri 351,247 milyon manat (38,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 53,1 milyon manat (62,3 % çox), mənfəət vergisi ödəmələri isə 84,881 milyon manat (2,2 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə ABB-nin aktivləri 11 milyard 434,796 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8 % azdır. Bunun 4 milyard 129,84 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 26,8 % böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 10,6 % azalaraq 9 milyard 724,137 milyon manata, o cümlədən depozit portfeli 14,5 % azalaraq 8 milyard 262,162 milyon manata düşüb, balans kapitalı isə 10,3 % artaraq 1 milyard 710,659 milyon manata çatıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.