“Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri 3 % azalıb

Maliyyə
  • 12 yanvar, 2024
  • 06:08
“Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri 3 % azalıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2023-cü ili 322,27 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 26,7 % çoxdur.

Ötən il ABB-nin gəlirləri 1 021,785 milyon manat (əvvəlki illə müqayisədə 31 % çox), xərcləri 530,481 milyon manat (37,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 69,91 milyon manat (13,7 % çox), mənfəət vergisi ödəmələri isə 99,124 milyon manat (24,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə ABB-nin aktivləri 13 milyard 668,242 milyon manat olub ki, bu da illik müqayisədə 2,6 % azdır. Bunun 4 milyard 684,079 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 44,7 % böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 4,4 % azalaraq 11 milyard 858,024 milyon manata, o cümlədən depozit portfeli 11,5 % azalaraq 9 milyard 396,186 milyon manata düşüb, balans kapitalı isə 10,9 % artaraq 1 milyard 810,218 milyon manata çatıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

44 - Tezliklə