“Azərbaycan Beynəlxalq Bankı” maliyyə vəziyyətini açıqlayıb
- 12 iyul, 2024
- 11:19
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I yarısını 172,392 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,1 % çoxdur.
Yanvar-iyun aylarında ABB-nin gəlirləri 583,765 milyon manat (illik müqayisədə 24,4 % çox), xərcləri 319,61 milyon manat (42,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 60,407 milyon manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 31,355 milyon manat (38,2 % az) təşkil edib.
Bu il iyulun 1-nə ABB-nin aktivləri 13 milyard 258,894 milyon manat olub ki, bu da illik müqayisədə 12,8 % çoxdur. Bunun 5 milyard 367,537 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 39,2 % böyüyüb.
Hesabat dövründə ABB-nin öhdəlikləri 14,8 % artaraq 11 milyard 438,9 milyon manata, o cümlədən depozit portfeli 8,3 % artaraq 9 milyard 232,181 milyon manata, balans kapitalı isə 1,9 % artaraq 1 milyard 819,994 milyon manata çatıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.