“Azərbaycan Beynəlxalq Bankı” maliyyə vəziyyətini açıqlayıb
- 16 aprel, 2024
- 15:14
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I rübünü 80,608 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,3 % çoxdur.
Yanvar-mart aylarında ABB-nin gəlirləri 277,161 milyon manat (illik müqayisədə 20,3 % çox), xərcləri 139,995 milyon manat (34,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 34,163 milyon manat (65,2 % çox), mənfəət vergisi ödəmələri isə 22,394 milyon manat (12,5 % az) təşkil edib.
Bu il aprelin 1-nə ABB-nin aktivləri 13 milyard 189,303 milyon manat olub ki, bu da illik müqayisədə 14,1 % çoxdur. Bunun 4 milyard 940,322 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 50,6 % böyüyüb.
Hesabat dövründə ABB-nin öhdəlikləri 14,7 % artaraq 11 milyard 296,918 milyon manata, o cümlədən depozit portfeli 8,6 % artaraq 9 milyard 490,18 milyon manata, balans kapitalı isə 10,5 % artaraq 1 milyard 892,385 milyon manata çatıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.