"Azərbaycan Beynəlxalq Bankı" lizinq fəaliyyətinə dair planlarını açıqlayıb
- 22 iyul, 2022
- 13:34
Yeniliklərdən dərhal xəbərdar olun!
ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) törəmə lizinq şirkətinin - "Beynəlxalq Lizinq" QSC-nin fəaliyyətinin bərpa edilməsi qısa dönəm üçün gündəmdə deyil.
Bunu "Report"a açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Bununla belə, onun sözlərinə görə, Bankın üzvü olduğu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) lizinq məhsullarının inkişafı ilə bağlı təkliflər hazırlayır: "Lizinq məhsullarının müştərilər üçün cəlbediciliyinin artırılması üçün müəyyən dəyişiklik təklifləri üzərində işləyirik. Bu dəyişikliklərdən sonra düşünürəm ki, lizinq layihələri ölkəmizdə iqtisadiyyatın maliyyələşdirilməsi üçün maraqlı alət və məhsullardan biri olacaq".
ABB-nin özəlləşdirilməsi ehtimalına münasibət bildirən A.İbrahimov deyib ki, bu məsələ ilə bağlı yekun qərarı səhmdarlar qəbul edir: "Biz Bankın icraçı rəhbərləri kimi Bankın rəqabət qabiliyyətinin artırılması, biznes qurumu kimi dayanıqlı inkişafı, biznes strategiyasının icrası və Bankda yüksək koorporativ idarəetmə standartlarının tətbiqi istiqamətində işlər görərək Bankımızın səhmdar dəyərinin artırılmasına çalışırıq".
Bankın nizamnamə kapitalının artırılması məsələsi barədə suala cavabında isə, o bildirib ki, hazırda buna ehtiyac yoxdur: "ABB-nin kapital adekvatlığı kifayət qədər yüksək səviyyədə, 20 %-ə yaxındır. Bu göstərici Azərbaycan Mərkəzi Bankının tələblərini kifayət qədər üstələyir. Bankın böyüməsi və kreditləşmə imkanlarını genişləndirməsi üçün hazırda kapital artımına ehtiyac duyulmur".