Azərbaycan banklarının risklərin idarə edilməsi sistemlərinin gücləndirilməsi təşviq ediləcək

Maliyyə
  • 30 dekabr, 2021
  • 13:50
Azərbaycan banklarının risklərin idarə edilməsi sistemlərinin gücləndirilməsi təşviq ediləcək

Gələn il Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sektoru üzrə siyasəti maliyyə sabitliyinin qorunması, maliyyə vasitəçiliyinin genişləndirilməsi yolu ilə biznesin dəstəklənməsi, maliyyə-kapital bazarlarının dərinləşdirilməsi kimi istiqamətlərə yönəldiləcəkdir.

“Report” xəbər verir ki, bu barədə AMB-nin “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.

Bəyanatda bildirilir ki, bütün bunlar maliyyə sektorunun iqtisadi artımda rolunun daha da yüksəlməsinə imkan yaradacaqdır. Rəqəmsallaşma və müasir ödəniş sistemi infrastrukturundan istifadə səviyyəsinin yüksəldilməsi istiqamətində də işlər davam etdiriləcəkdir.

"Maliyyə sabitliyinin təmin olunması istiqamətində 2022-ci il üzrə əsas siyasət və islahatlar istiqaməti ilk növbədə bank sektorunun prudensial tənzimlənmə və nəzarət çərçivəsinin beynəlxalq standartlara (Bazel II, Bazel III) uyğunlaşdırılması prosesinin davam etdirilməsi olacaqdır. Banklarda idarəetmənin gücləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən korporativ idarəetmə potensialının inkişaf etdirilməsi, risklərin idarə edilməsi sistemlərinin gücləndirilməsi, insan resurslarının inkişaf etdirilməsi təşviq ediləcəkdir.

Biznes subyektləri üçün bank kreditlərinə çıxışın asanlaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir. Ölkədə maliyyə inklüzivliyi və dərinliyinin artırılması məqsədilə təklif amillərinin təşviq olunması, o cümlədən kreditorların hüquqlarının müdafiəsi sisteminin effektivliyinin artırılması, uzunmüddətli maliyyələşmə mənbələrinin təmin edilməsi, risklərin ötürülməsi və bölüşdürülməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir.

Tələbin təşviq olunması ilə kreditlərə sağlam tələbin artırılması üçün ilk növbədə qeyri-formal iqtisadiyyatdan çıxış və şəffaflaşmanın sürətləndirilməsi, biznes subyektlərində korporativ idarəetmənin yaxşılaşdırılması, müstəqil mühasibatlıq və audit institutlarının inkişaf etdirilməsi kimi şərtlərin reallaşdırılması tələb olunur", - Mərkəzi Bank hesab edir.

44 filmi