Azərbaycan banklarında qeyri-işlək kreditlərin məbləği 1 milyard manata yaxınlaşıb
- 13 oktyabr, 2026
- 17:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunın qeyri-işlək kredit (QİK) portfeli 954 milyon manat təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 25 % və yaxud 191 milyon manat çoxdur.
Qeyri-işlək portfellər üzrə biznes, istehlak və ipoteka kreditlərində müvafiq olaraq 128 milyon manat, 58 milyon manat və 5 milyon manat artım baş verib. Nəticədə, qeyri-işlək portfelin cəmi kredit portfelində payı (QİK əmsalı) yarımil ərzində 0,5 faiz bəndi artaraq 3 % təşkil edib. Aparılmış təhlillər qeyri-işlək portfelində artımın fərdi müştərilər hesabına olduğunu və sistem riski xarakteri daşımadığını göstərir.
Mümkün kredit risklərini tam qarşılaya bilmək üçün bank sektorunda adekvat həcmdə ehtiyatlanma mövcuddur. Bank sektorunda kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatların məbləği 1,93 milyard manat təşkil edir ki, bu da qeyri-işlək portfelin həcmindən 2 dəfəyə qədər çoxdur.
Xüsusilə də, istehlak kreditləri üzrə yaradılmış məqsədli ehtiyatlar 1,37 milyard manat olub ki, bu da istehlak kreditləri üzrə QİK məbləğindən təxminən 3,8 dəfə çoxdur. Qeyd edilən faktlar bank sektorunun ehtiyatlanma səviyyəsinin potensial risklərin absorbsiya edilməsinə imkan etdiyini deməyə əsas verir.