Azərbaycan banklarında kredit risklərinin idarə edilməsi qaydası yenilənib
- 04 oktyabr, 2023
- 07:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Digər qərarla isə ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 30 yanvar 2019-cu il tarixli qərarı ləğv edilib.
Yeni qərara əsasən, banklarda kredit risklərinin idarə edilməsi sisteminin elementləri təsdiqlənib, bu sahədə siyasət, kredit risklərinin qiymətləndirilməsi meyarları, təminatın qiymətləndirilməsi zamanı nəzərə alınacaq hallar müəyyənləşib.
Banklar borcalanlarla bağlı kredit riskini qiymətləndirmək üçün daxili risk reytinqi sistemi hazırlamalı olacaq. Həmçinin bank kredit riskinin monitorinqini təmin edən prosedurlara və informasiya sisteminə, eləcə də portfel səviyyəsində kredit risklərinin idarə edilməsi və monitorinqi sisteminə malik olmalıdır.
Bankın kredit portfeli üzrə qeyri-işlək kreditlərin idarə edilməsi ilə bağlı qaydasını İdarə Heyətinin təqdimatı əsasında Müşahidə Şurası təsdiqləyəcək.
Bankın borcalanın borc öhdəliyinin icrasını təmin etmək məqsədilə krediti restrukturizasiyası üzrə prosedurlar müəyyənləşib. Banklar bir və yaxud bir neçə şokun kredit portfelinə potensial təsirini qiymətləndirmək üçün stress-test aparmalıdır.
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.