Azərbaycan banklarında işsizlikdən sığortanın təklif edilməsi məcburi olacaq

Maliyyə
  • 15 oktyabr, 2026
  • 11:35
Azərbaycan banklarında işsizlikdən sığortanın təklif edilməsi məcburi olacaq

Azərbaycan bankları müştərilərinə işsizlikdən sığorta xidmətini məcburi qaydada təqdim edəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

"İstehlak krediti götürən şəxslər üçün həmin xidmətdən istifadə etmək isə könüllü olacaq", - deyə o qeyd edib.

AMB rəsmisi deyib ki, işsizlikdən sığorta ilə bağlı qaydalar hazırlanıb: "Bu sahədə tənzimləyici dəyişikliklər üzərində də iş aparılır və onların ilin sonuna qədər qüvvəyə minməsi nəzərdə tutulur. Bu sığorta şəxslərin işsiz qalması ilə bağlı risklərdən qorunmasına kömək edəcək. İşçinin öz istəyi ilə işdən ayrılması və ya kütləvi ixtisarlar kimi hallar da müvafiq qaydalar çərçivəsində sığorta təminatına daxil ediləcək. Beləliklə, istehlak kreditləri üzrə işsizlik sığortası kredit götürən şəxslərin işsiz qaldıqları halda qarşılaşa biləcəkləri maliyyə çətinliklərinin azaldılmasına xidmət edən alət olacaq. Sığortanı əldə edib-etməmək isə müştərinin öz seçimindən asılıdır".

Onun sözlərinə görə, işsizlikdən sığortanın haqqı sektorlara görə dəyişə bilər: "Hazırda bizdə konkret olaraq belə bir bölgü yoxdur ki, hansı sektorda işsizlik ehtimalı daha yüksəkdir. Burada işsizliyin nə qədər tez baş verməsi, yəni işçi axını da əhəmiyyətlidir. Məsələn, bir müəssisədən 10 nəfər işdən çıxır, başqa bir müəssisəyə isə 10 nəfər işə qəbul olunur. Dövlət statistikasında işsizlik səviyyəsi dəyişmir. Amma faktiki olaraq 10 nəfər işsiz qalıb. Düzdür, ümumi göstərici dəyişməsə də, burada artıq pul axını məsələsi var. Qiymətə gəlincə, bunun üçün müvafiq mexanizm olacaq. Sadəcə, biz tənzimləyici sənəd hazırlayırıq ki, bir çox seqment üzrə kredit faizinə sığorta haqqı əlavə olunsa belə, ümumi xərc sığortasız kreditin faizindən daha aşağı olsun. Amma bu, yenə də bankdan, həmin bankın kapitalından, ehtiyatlarının strukturundan və bir çox digər amillərdən asılıdır. Bununla belə, orta hesabla xərcin aşağı düşməsi gözlənilir".