Azərbaycan banklarında əhalinin əmanətləri 10 %-dən çox artıb
- 27 yanvar, 2024
- 13:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan banklarına qoyulan depozitlərin həcmi bu ilin yanvarın 1-nə 36 milyard 965,1 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 5,2 %, 2023-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 2 % çoxdur.
Bunun 58,6 %-i və yaxud 21 milyard 651,6 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 1,7 % azdır.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 10,3 % artaraq 12 milyard 947,8 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 4,7 % azalaraq 2 milyard 365,8 milyon manata enib.
Hesabat dövründə cəmi depozitlərin 23 milyard 618,8 milyon manatı (il ərzində 7,5 % azalıb) qısamüddətli, 13 milyard 346,3 milyon manatı (24,5 % artıb) isə uzunmüddətli əmanətlər təşkil edib.
Ölkədə 23 bank fəaliyyət göstərir.