Azərbaycan banklarına qoyulan depozitlər 14 % artıb

Maliyyə
  • 29 may, 2023
  • 10:01
Azərbaycan banklarına qoyulan depozitlər 14 % artıb

Azərbaycan banklarına qoyulan depozitlərin həcmi bu ilin mayın 1-nə 35 milyard 202,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 % çox, ilin əvvəlinə nisbətən 2,9 % az, 2022-ci ilin mayın 1-i ilə müqayisədə isə 14 % çoxdur.

Bunun 57 %-i, yaxud 20 milyard 081 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 11,2 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 16,1 % artaraq 12 milyard 211,6 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 26 % artaraq 2 milyard 909,8 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 690,8 milyon manatı (il ərzində 10,3 % artıb) qısamüddətli, 11 milyard 511,6 milyon manatı (22,2 % artıb) isə uzunmüddətli əmanətlər təşkil edib.

Ölkədə 24 bank fəaliyyət göstərir.